Hörmətli müəllimlər və şagirdlər!

Nağıllar (ssenarilər)


                             TOYDA HƏZM ORQANLARININ SÖHBƏTİ

Gözlər:-Deyəsən, gecikmişik. Gözümüzə heç nə dəymir,stolun üstündə heç nə yoxdur.
Ağız:-Heç gecikməmişik. Toy hələ indi başlayır. Nə vecinizə! İşiniz ancaq göstərməkdir. Mənlə yazıq balalarıma işin çətini düşür. Balalarım işləməkdən xəstələnib.
Gözlər:-A-a, sənin balaların da var?

Ağız:-Dişlər bə nədir? İşləri yaman ağırdır,bir dəqiqə dinclikləri yoxdur.
Qida borusu:-(istehza ilə)Yaman işləri ağırdır,heç demə.(hirslənir) Az, bu yeməyi qəbul edəndə bir az əzin, xırdalayın.Yetimçələrinə çatdır ki, dədələrinin hambalı yoxdur.Görmürsünüz yolum dardır,keçmək olur. Görün indi kimin işi ağırdır? Mənim yoxsa sizin?
Mədə:- Deyirəm adamda sıfət da yaxşı şeydi. Elə şırt-pırt eləyib göndərirsiniz mənim üstümə.(üzü ağıza) Ağız hey, mən mədəyəm, bezrazmer deyiləm. Mənim dişlərim yoxdu. Heç fikirləşmirsiniz ki,birdən ölüb-eləyərəm ,qalarsınız mədəsiz. Bəsdirin də, qıcqırdım axı,jok öldürdü məni. Uje turşumuş iyi verirəm.
Qaraciyər:-Sinirlənmə, mədə abi,bir hata yapmışlar onlar. Ahf et onları.
Mədə:- Nə? Abi... deyəsən, bu türk serialları orqanlarının işlərinə də təsir göstərib. Vapşe, bu krosnonu yığışdırmaq lazımdır.
Qaraciyər:-Axı pis nə dedim?
Mədə:- Canına azar dedin! Bundan artıq nə deyəsən? Öz dilin var, öz dilində  danış.
Qaraciyər:-Sizə baxanda mənim işim lap ağırdır. Bütün zəhərli maddələr gəlib məndən lisenziya istəyir. Mən də onları bir-bir təmizləyirəm. Axı mən orqanizmin mərkəzi laboratoriyasıyam.
Öd kisəsi:-(üzü turşumuş halda) Mən olmasam yağlı maddələr həzm oluna bilməz. Məndə yaşıl rəngli öd var. Özü də dadı lap acıdır.
Bu zaman orqanlar hərəsi bir yerdən qışqırır:-Kəs səsini, ay zəhər tuluğu!
Hikkəndən  yam-yaşılsan.Keçən dəfə az qaldı partlayıb bizi zəhərləmişdin. ALLAH bağırsaqların canını sağ eləsin! Ömürlərini özləri kimi uzun eləsin!
Bağırsaqlar:-Axır ki, bizə də söz verildi. Hər bir şeyin ağırlığı bizə düşür. Bütün işlər sona qədər bizdə gedir. Zülallar,yağlar,karbohidratlar bizdə parçalanıb qana keçir. Ona görə də işimiz ağırdır. İş vaxtımız  düz 12 saatdır. Adamda bəxt də yaxşı şeydir,yaxşı deyiblər it olasan, bəxtin ola!
Bu zaman beyin gəlir. Komanda verir:-Sıraya düzlən! Farağat!Azad!                                                - Salam orqanlar!
Xor: Salam! Sonra bir-bir orqanların adını çəkir.-Bir azdan işimiz başlayır. Hamı öz işinə hazır olsun! Mədə, gəl qabağa!( Mədə qabağa gəlir) Uşaqları sənə tapşırıram, səni də sahibimizə!
Mədə:- Yoldaş beyin, telefonunuzu açıq qoyun,yorulsam zəng edəcəm.
Toy başlandı,yeməklər süfrəyə gəldi.
Ağız:- Buyurun, xoş gəlmiziniz. Subaylarınızdan görəsiniz, xoşbəxt olsunlar!
Əvvəl xaşlama,sonra tikə kabab gəlir. Mədə:- Yavaş-yavaş gəlin,sizi həzm edə bilmirəm. Ehtiyatlı olun.
Yeməklər:- Neynəyək? Arxadan itələyirlər.
Qida borusu:-Deyəsən, yenə də probka(tıxac) yarandı.
Ağız:- Ay yeməklər,bir az mehriban olun, arxaya sıxlaşın, yoldan lüləni də  götürək.                                  
Bu zaman tikə kabab dillənir:-Mən burdayam da! Sən niyə gəlirsən? Pah atonnan! Hara gedirsən,dalınca gəlir.
Lülə kabab:-Yaxşı eləyirəm! Belə əlimin içindən gəlir! Çünki səndən hörmətli oğlanam! Sən kəs!
Yeməklər dalaşır, xaşlama onları ayırır və deyir: Hörmətə qalanda hər ikinizdən də hörmətli mənəm. Çünki süfrəyə  birinci mən gəlirəm.
Mədə:- Əlo,əlo  beyin!
Beyin: - Baş beyin eşidir!
Mədə:- Tez bir zamanda siqnal göndər! Ağız bağlansın. Doyma siqnalını ver. Mən daha partlayıram!
Beyin:-Mədə, başın xarab olub nədi? Sənə məktəbdə öyrətməyiblər ki,beynə siqnal 20 dəqiqə sonra gedib çatır. Tak şto, mənlik deyil!
Birdən ağız deyir:- İndi isə məclisimizə aş gəlir!
Hamı əl çalır. Bağırsaqlar deyir:- başımız çıxmır,bizə niyə iş vermirlər? Bekarçılıq bizi öldürdü.
Öd kisəsi:-Görmürsünüz yuxarıda müharibədir. Qırırlar bir-birlərini. Yaxşı oldu, it kimi yeyin bir-birinizi.
Mədə hirslənir,yeməkləri qovur və səhnəyə orqanların sahibi gəlir.Mədəyə deyir:- Axı məni alçaldırsan?
Mədə:-Mən səni yox,sən özün-özünü alçaldırsan. İnsan nə qədər yeyər?
Özünə yazığın gəlmir,heç olmasa bizə yazığın gəlsin. Bizi niyə iynə-dərmana salırsan?
Orqanlar mədənin sözünü təsdiqləyir:-Düz deyir, mədə. Yaşasın mədə!
Sahib deyir:- Özümdən asılı deyil,nə edim? Göz görür,istəyirəm yeyəm.
Göz:-A kişi, yekə kişisən,heç utanmırsan? Bizim günahımız nədi? Nəfsinə şiş batsın! Nəfsini saxla!
Hamı kül başına edir: -Ale......
Sahib:-  Onda kimdi günahkar?
-Mən!  Hamı dönüb səs gələn tərəfə baxır. Nəfs səhnəyə daxil olur.
Nəfs:- Mən nəfsəm.İnsanları rəzalətə, onların bədənlərini bir çox xəstəliklərə sürükləyən nəfs! Mən sənin kimi insanlarla dostam.
Sahib:-Xeyr, sən mənim dostum yox, bir nömrəli düşmənimsən. Necə olub ki, bu vaxta qədər mən öz ağlıma yox,sənə qulaq asmışam. Yazıqlar olsun mənə!
Səhnəyə 2 nəfər daxil olur və deyir: -Biz nəfsi aparmalıyıq.
Soruşulur: -Hara?
Gələn:-Bir aylıq  müvəqqəti saxlanma kamerasına.
Nəfs:- Niyə?
Gələn:- Sən  bilmirsən ki, sabahdan on bir ayın sultanı Ramazan ayı,yəni orucluq ayı girir. Sənlik bir iş yoxdur.
Nəfsi aparırlar.Nəfs müqavimət göstərir,amma yenə də aparırlar.
Ağız:- Eşitdiniz, orqanlar. Biz də sabahdan  gedirik dincəlməyə.
Hamı:-Ura,ura,ura!

Quliyeva Aygün Rakif q.
Qubadlı Rayonu İsa Məmmədov adına Aşağı Mollu kənd tam orta məktəbi               Biologiya müəlliməsi                Sumqayıt  şəhəri.

 

 

 

Hiç yorum yok:

Yorum Gönder